Paylaş

Məktəbəqədər dövrün əhəmiyyəti


Uşaqlıq və məktəbqədər yaş dövrü nəinki uşağın, həmçinin insan həyatının çox mühüm dövrüdür. Məhz bu dövrdə insanın sağlamlığı, onun xarakterinin və şəxsiyyətinin əsas cəhətləri formalaşır. Uşaqlıq dövründə qazanılan bilik, vərdiş və bacarıqlar böyük ölçüdə insanın bütün qalan ömrünü müəyyən edir.



Müasir dövr insanın qarşısında daha çox tələblər qoyur. Ona görə də uşağın inkişafı nə qədər tez başlansa, bir o qədər də həm məktəbdə, daha sonra karyera və ümumiyyətlə həyatda uğur qazanması asanlaşar.

Məktəbqədər hazırlıq kiçik yaşlarından uşaqda ətraf aləmə maraq yaradır, biliklərə və qarşıya qoyulmuş tapşırıqları müstəqil həll yolu axtarmağa meyl formalaşdırır.



Məktəbəqədər hazırlığı artıq yaş yarım və ya iki yaşdan başlamaq, şagirdin birinci sinifdə oxudu dövrə, yəni 7 yaşa qədər davam etdirmək lazımdır.

Yaxşı məktəbqədər dövr keçirmiş və müvafiq zehni, psixoloji hazırlıqlar qazanmış uşaqlar məktəbə yüksək hazırlıqlı gəlir, tədris proqramını asanlıqla mənimsəyir və əla qiymətlərlə oxuyurlar.

Bu hazırlıqda məktəbəqədər tərbiyə müəssisələrinin, yəni uşaq bağçalarının rolu əvəzsizdir. Bəzi valideynlər elə hesab edirlər ki, övladını evdə də tərbiyə edə və ona məktəbə hazırlıq üçün lazımi bilikləri verə bilərlər. Amma yaddan çıxarmayaq ki, yalnız uşaq bağçasında təlim-tərbiyə qruplarda, başqa uşaqların əhatəsində aparılır, uşağın sosiallaşması baş verir ki, bu sonradan məktəb təhsili üçün çox əhəmiyyətlidir.



Digər bir tərəfdən isə elə valideynlər də var ki, onlar uşaqlarını uşaq bağçasına ya göndərmir, ya da müəyyən səbəblərdən göndərə bilmir, evdə isə uşaqla ümumiyyətlə məşğul olmurlar. Belə uşaqlar vaxtlarının çoxunu televizorun qarşısında, ən yaxşı halda cizgi filmlərinə baxmaqla keçirirlər. Yaddan çıxarmaq lazım deyil ki, övladınızın bu dövrdə, məktəbqədər yaş dövründə öyrənmədiklərini ona bir daha heç vaxt verə bilməyəcəksiniz. Odur ki, valideyn gün ərzində vaxt tapıb ən azı övladı ilə söhbət etməli, onun suallarına cavab verməli, ətraf aləmlə bağlı müxtəlif hadisələri ona izah etməlidir.



Bəzən valideynlərin qarşısında belə problem də durur ki, onlar müəyyən yaş dövründə övladlarına hansı bilikləri öyrətmək lazım olduğunu, hansı vərdiş və bacarıqların mənimsədilməsini bilmirlər. Bu baxımdan hər bir valideyn müəyyən qədər pedaqoq olmalı, uşaq psixologiyasının bəzi məsələlərini öyrənməlidir. Təbii ki, burada fundamental, nəzəri biliklərdən söhbət getmir. Amma elə məsələlər var ki, bunu hər bir valideyn bilməli və bununla da övladının zehni, psixo-fzioloji inkişafını nəzarətdə saxlamalı, yeri gəldikcə uşağı öz həmyaşıdlarından geri qaldığı sahələrdə inkişafına kömək etməlidir. Unutmayın ki, bu dövr ərzində gündəlik olaraq ən vacib, ən təxirəsalınmaz işiniz azyaşlı övladınızın təlim və tərbiyəsidir!

Bu məsələlərdə - övladınızın məktəbəqədər hazırlıq dövrünün diaqnostikasından başlayaraq onun müxtəlif yaş dövrlərində inkişaf xüsusiyyətlərinə uyğun yazılar və inkişafetdirici testlər, onun erkən inkişafı, məktəbə hazırlanması və s. sahəsində saytımız yaxın köməkçiniz olacaq.




Valideynlər üçün digər mövzular

Uşaqlar üçün hazırlıq testləri