Səliqəli oyun

Valideynlərə tövsiyələr


Uşaqlar hər zaman evlərimizin bəzəyidir deyiblər. Bununla belə balacalar valideynlərə gün ərzində nə qədər sevinc hissi bəxş edirlərsə, elə bir o qədər də onları əsəbləşdirməyə imkan tapırlar. Uşaqlara ən çox hirsləndiyimiz məsələrdən biri də, onların yerə dağıtdıqları əşyaları, oyuncaqları heç bir vəchlə yığmaq istəməmələridir. 20-30-il bundan əvvəlki dövrlə müqayisədə indiki uşaqların evdə daha çox oyuncaqları vardır. Bu oyuncaqların uşaqları müəyyən müddət məşğul etməkdə, həm də müəyyən mənada uşağın psixi-emosional, zehni inkişafına xidmət etməkdə rolu əvəzsizdir.


Amma uşaqların bu oyuncaqlardan necə gəldi istifadə etməsi, sonradan onları yığışdırmaması onun həm intizam tərbiyəsinə mənfi təsir edir, həm də evin ortasına atılıb qalmış əşyalar böyüklərin qanını əməllicə qaraldır. Odur ki, istənilən halda uşaqların öz oyuncaqlarını, yerə tökdüyü müxtəlif əşyaları yığıb, öz yerinə qoymaq vərdişi formalaşdırmaq zəruridir. Müşahidələr göstərir ki, uşaqları bu işə məcbur etmək, onların üstünə qışqırmaq və s. əks effekt verir. Bunun üçün elə bir şeylər fikirləşmək lazımdır ki, uşaq öz oyuncaqlarını yığmağa oyun kimi baxsın və həvəslə bu işə girişsin.



Cox fikirləşmədən bir neçə belə bir oyunu sınaqdan keçirmək olar. İlk növbədə çalışmaq lazımdır ki, uşaqlara oyuncaqlarla oynamaq üçün evin müəyyən bir hissəsində yer ayrılsın və onlara həmin yerdə istədikləri qədər oynamağa şərait olsun. Bir müddətdən sonra vaxt ayırıb siz də oyuna kömək məqsədilə, yəni həm düzgün oynamaq, həm də oyuncaqları yerlərinə səliqəli yığmağı öyrətməyə başlaya bilərsiniz. Məsələn:

1. Maşın oyunu.
Böyük kuzalı maşın (əgər yoxdursa hər hansı bir karton qutunu maşın kimi qəbul edin) gəlir və ortaya tökülən oyuncaqları, kubikləri yığır və maşını qaraja sürürük.

2. Avtobus dayanacağı.
Oyuncaq maşını vatobus və ya taksi kimi qəbul edirik və küncə bucağa atılan ayını, gəlinciyi v.s. dayanacaqdan götürüb mənzillərinə (öz yerlərinə) catdırırıq. Əğər uşaqlarınızın 4-5 yaşı olarsa bu oyun zamanı onalara yol hərəkəti qaydaları haqqında da məlumat verə bilərsiniz.

3. Ən çox sevilən oyunlardan biri də heyvanlar aləmidir.
Burada kubiklərdən ferma və ya zoopark düzəldilir və bütün heyvanlar ora yığılır. Bu oyunda uşaqlar tərəfindən oyuncaqlar maksimum bir yerə yığılır və beləliklə də səliqə-səhman təmin olunur.


Sizi əmin edirik ki, körpələrinizə azacıq da olsa ayırdığınız vaxt itkiyə getməyəcəkdir. Bu tipli oyunlar uşaqlar tərəfindən həm maraqla qarşılanacaq, həm də onlar öz dağıtdıqları əşyaların yerinə yığılmasında həvəslə iştirak edəcəkdirlər.




Valideynlər üçün