ŞILTAQLIĞI DÜZGÜN QƏBUL ETMƏLI
Dünənə qədər uşaq üzüyola (sözəbaxan) idi, amma indi onu tanımaq olmur? Gəlin aydınlaşdıraq nə üçün belədir? Gənc ana şikayət edir: “ Son vaxtlar məndə belə bir təəssürat var ki, oğlum məni qəsdən ələ salır!”
- Bu konkret nədə ifadə olunur?- mən gülümsəyərək maraqlanıram.
- Mən ona deyirəm: “Geyin , gəzməyə gedək!” O isə qışqıraraq mənə deyir: “Geyinmirəm!”. Sonra mən onu birtəhər dilə tutmaqla, hədə - qorxu ilə geyindirdim, getdik. Meydançada gəzişdik. Hər şey yaxşıdır, uşaqlarla qaçır, qumluqda oynayır. O, şəndir və məmnundur. Mən deyirəm: “Daha gecdir, evə gedək!”. Mənə cavab olaraq deyir: “Getmirəm” – və yenə elə qışqırır ki, az qalır qulaq bata. İnsanların qarşısında xəcalət cəkdim. Sürüyərək evə gətirdim və paltarını dəyişərək “gedək əllərimizi yuyaq, yemək yeyəcəyik!” –deyirəm. O isə: “Əlimi yumaq istəmirəm, yemək istəmirəm!” Mən özüm də yorğunam deyə acıqlanıram ki: “istəmirsən – heç yemə, ac gəz!”. Beş dəqiqədən sonra heç nə olmamış kimi peyda olub deyir:” Ana, yemək istəyirəm!” Deyirəm: “Bir dəqiqə gözlə, mən artıq qabları yumağa başlamışam . İndi qurtararam- yemək yeyərik.” O isə yenə qışqırmağa başlayır.
- Zəhmət olmasa söyləyin, bu nə vaxt başlayıb?
- Yay bitəndən sonra, onun iki yaşı tamam olanda. Buna qədər çox gözəl uşaq idi, nə deyirdin onu da edirdi. Həmişə başa salmaq olurdu, razılığa gəlirdi, özü özünü məşğul edirdi, öz-özünə oynayırdı. İndi daha heç oynamır da bütün gücünü “mübarizəyə” sərf edir. Atası ona yeni maşın oyuncağı alır, yarım saat onunla oynayıb atır.
- Uşaq bütün ailə üzvləri ilə özünü belə aparır?
- Nənəsinin yanında qoyanda daha pis olur. Onu heç eşitmir.
- Bəs atası ilə?
- Atasının işi cox olduğuna görə onunla təsadüfi hallarda birlikdə olur,. Amma nə vaxt birgə vaxt keçirsələr, deyir, heç bir problem yoxdur, nənəsi ilə mən uşağı çox ərköyün etmişik.
Hər şeyin öz vaxtı var.
Bu tipli problemlə valideynlər mənə çox müraciət edirlər. Uşaqla nə baş verir? Nə üçün əvvəl uşaq “gözəl uşaq” idi, indi isə daim şıltaqlıq etməyə başlayıb? Nə üçün körpə, ancaq anası və nənəsi ilə özünü belə, amma atası ilə əvvəlki kimi aparır? Əsas odur ki, uşağa və valideynlərinə necə kömək etməli? Gəlin həsrəti çəkilən sevimli uşağın doğulduğu ilk vaxtlara qayıdaq. Həyatının birinci ilində onun bütün ehtiyacları praktik olaraq ani olaraq ödənilirdi. Yemək istəyirdi- yedizdirirdilər. İslanırdı- dəyişirdilər. Ünsiyyət istəyirdi- qucağa götürürdülər. Bütün bu vaxtı körpə tam səmimiyyəti ilə inanırdı ki, əhatəsindəki bütün insanlar ona xidmətçiləridir və onların yeganə arzusu daha yaxşı qulluq etməkdir. Aydındır ki, bu uşağa sərf edir. Hardasa bir yaşında uşaq yatağından çıxır, yerimək öyrənir, onun üçün mövcud aləmi araşdırmağa başlayır. Elə burada da o ilk “olmaz!”, “toxunma!”, “qoy yerinə”-ləri ilə rastlaşır. Amma körpə ilk “kəşf”lərinə elə aludə olub ki, bu qadağalara baş qoşmur:” Bunu olmaz – onda o birini götürərəm!”, “Bura girmək olmaz, onda mən ora girərəm!”
Bu dövrdə ətraf aləmi araşdırmaq həyatı boyu suala yönəldir: “Bu nədir? Ya da o cəlbedici nədir?” Bu mərhələni valideynlər sonralar təəssüflə xatırlayırlar:” Əvvəllər uşağın başını qatmaq, yola gətirmək, istədiyinin yerinə başqasını vermək asan olurdu. Amma indi...” İndi uşağın qarşısında başqa məsələlər durur. Onun şəxsiyyətinin inkişafında yeni mərhələ başlayır.
Şərti olaraq bu mərhələni sərhədlərin təyini dövrü adlandırmaq olar.
Bu dövr uşaq tərərfindən otağın bütün əşyaları, onun “oyun meydançası” tam araşdırıb və mənimsəyəndən sonra başlayır. Əlbəttə, burada da hər vaxt uşaq üçün yeni olan obyektlər və hadisələr yaranır, lakin bu kifayət etmir.
Adətən bu mənzərə yaş yarımlıq və iki yaş arasında dəyişir. Bu vaxta qədər uşaq artıq “olmaz” və “ əl vurma” sözlərini çox eşidib və iki-üç qeyri-şərti qadağanı yaxşıca mənimsəyib. Məsələn, “sobaya əl vurma!” və “pəncərəyə dırmaşma!”. Uşağın beyninə: Bu dünyada heç də hər şey mənim üçün deyil. Çox istədiyim şeylər var ki, onları əldə edə bilmirəm!” fikri daxil olur və möhkəmlənir. Uşağın qarşısında növbəti həddən artıq məntiqi bir sual dayanır: ”Tutaq ki, bu dünyada mənə nəyəsə icazə var, nəyəsə yox. Bəs nəyə konkret icazə var və nə qadağandır? Zəhmət olmasa, bütün siyahını elan edin!”
Eyni vaxtda bu sahədə diqqət mərkəzinə yeni, cavablandırılması çox vacib olan bir məsələ meydana gəlir -araşdırma obyekti valideynlər və ümumilikdə ailə. Demək olar ki, həmişə qadağaların pozulmasına reaksiyaları valideynləri tanımaq üçün ən yaxşı əsasdır.
“Necə olacaq, əgər mən...?”- və başladı.
— Ayaqqabılarını geyin!
— Geyinməyəcəm!
— Gedək əllərimizi yuyaq!
— Yumayacam!
—Bıçağı götürmək olmaz!
— Götürəcəm!
Valideynlərdən xahiş edirəm baş verənləri düzgün başa düşsünlər: uşaq heç kəsi ələ salmır və heç nəyi qəsdən bilərəkdən etmir. Belə anlarda onun beynində məməlilər sinfindən olan bütün körpələrə xas olan “sərhədlərin yaradılması” psixobioloji proqramı işə düşür. Bu proqram uşağın ətraf aləmi dərk etməsi üçün həyati əhəmiyyətə malikdir. Ona görə də acıqlanmaq, hər şeyi ərköyünlüyə yazmaq, xüsusən də cəzalandırmaq faydasızdır.
“Sərhədlərin yaradılması” psixobioloji proqramı isə düşmüş, başqa sözlə uşaqları şıltaqlığa yenicə başlamış valideynlər konkret olaraq nə etməlidirlər?
1. Tərbiyəetmə prosesində iştirak edən ailə üzvlərinini (ayrılıqda yaşayan nənəni və əmini də) bir yerə toplayaraq bu “prosesin” artıq başladığını elan edin. Sizin uşağınızla bağlı nə baş verdiyini marağı olan bütün şəxslərə izah edin.
2. Elə həmin toplantıda bu sərhədləri müzakirə edin ki, sonra uyğunsuzluq olmasın. Uşağın oyuncaqlarını qutuya özü yığmağı mütləq vacibdirmi? Mətbəxdə suyu o özü bağlamalıdırmı? Gəzmək üçün paltarlarını özü seçə bilərmi? Televizoru işə sala və ya atanın mobil telefonu ilə oynaya bilərmi? Bu tipli suallara konkret cavablar müəyyənləşdirilməli və bütün ailə üzvlərinin mövqeyi eyni olmalıdır.
3. Uşağa sakit və xoşluqla bu və ya digər məsələlərdə sərhədlərin harada dayanmasını xəbər verin və uşağın etirazları, bu sərhədləri “öz xeyrinə” zəiflətməsi və ya onları uzatmaq cəhdlərinə baxmayaraq mövqeyinizdə dayanın. Faktiki olaraq siz bütün günü övladınızın “Görəsən bunu etsəm nə olacaq?” sualına cavab verirsiniz. Sadəcə olaraq birbaşa cavab verin: :” Bax, belə və belə olacaq”
4. Unutmayın ki, uşaq hələ çox balacadır və qadağaların ona ətraflı izahı lazım deyil. Onun hələ ki, başqa məsələlər maraqlandırır. Vaxt gələcək, o özü sizdən soruşacaq: “Axı niyə olmaz?” Bax onda ona izah etməyə məcbursunuz.
İndi isə bayaq aydınlaşdırılmamış suala qayıtmağın əsl vaxtıdır: Bəs niyə atasının yanında uşaq sözəbaxan idi, amma anasının və nənəsinin yanında şıltaqlıq edirdi? Cavab çox sadədir: belə görünür ki, ata uşaqla az vaxt keçirdiyi üçün bu sərhədləri aydın və tərəddüd etmədən deyib və göstərib. Ata, “daha yumşaq” ana və nənədən fərqli olaraq, onun yanında olduğu zaman həmin sərhədləri pozmağa və ya uzatmağın mümkün olmasını düşünməsi üçün uşağa heç bir əsas verməmişdir. Beləliklə uşaq da öz növbəsində problemlərin yaranmaması üçün bununla barışmışdır.
Uşaq bağçasında və körpələr evində də belə olur. Valideynlər şikayət edirlər ki, tərbiyəçilərin dediyinə görə uşaq ideal dərəcədə sözəbaxan olub və bütün tələbləri yerinə yetirir. Evdə isə sanki hansısa bir “terrorçudur”. Siz indi artıq bunun niyə belə olduğunu bilirsiniz!
Yadda saxlayın ki, hamı üçün düzgün, yeganə sərhəd olmur. Onlar hər ailə üçün xüsusi olaraq fərdidir. Sərhədlər təyin edərkən, təhlükəsizlik, məqsədyönlülük barədə öz dünyagörüşünüzə istinad edin. Səbirli və ardıcıl olun, körpə istənilən varianta uyğunlaşacaq.
Müəllif: Katerina Muraşova, uşaq psixoloqu