Bu məqalə U.Y.Mlodikin “Müasir uşaqlar və onların qeyri-müasir valideynləri, yaxud etirafı çətin olanlar barədə” kitabından hissələri özündə birləşdirir. Bizim uşaqlarımızla münasibətlərimiz “daxilimizdəki uşaqla” münasibətin tam eynidir. Hansı ki, öz növbəsində uşaqlıqda böyüklərin bizə münasibətlərinin modelini təkrar edir. Bizim uşaqlarla münasibətimiz, özümüz uşaq olarkən böyüklərin bizə olan münasibətinin tam eynidir.
Valideynlər çox vaxt “Əslində o, ümumiyyətlə, heç nə istəmir” –deyə şikayətlənirlər. Müəllimlər inandırır, valideynlər də təsdiqləyir ki, “Müasir uşaqlar, demək olar ki, oxumaq istəmirlər”. Mən təəccüblənmədim, axı indı çox ailələr uşağın oxumağına “kömək” etmək imkanına malikdirlər.
Bu problemlə bağlı mənə müraciət edən valideynlərin əksəriyyəti uşağın təhsili prosesinə çox yaxından qoşulmuş valideynlərdir. Onlar praktiki olaraq uşağın əvəzinə oxuyurlar. Valideyn ev tapşırığının həlli üçün uşaqları ilə birgə səy göstərir, çantasının belə yığılmasında kömək edirlər. Belə valideynlər ev tapşırıqlarını yoxlayır, onları uşaqla birgə yerinə yetirir və övladının tapşırıqları yerinə yetirməsini həyəcanla izləyir.
Digər tərəfdən də, bir çox valideynlərə elə gəlir ki, uşağın xoşbəxt təmin olunmuş gələcəyi onun indi məktəbdə müvəffəqiyyətindən asılıdır. Burda tam olmasa da həqiqət var. Məsələ ondadır ki, onun yalnız məktəbdə aldığı qiymətlər deyil, eləcə də məktəbi bitirəndən sonra onunla hansı bacarıq, vərdiş və hislərin qalacağı çox əhəmiyyətlidir.
Əgər məktəbdə oxuduğu illərdə şagirdi ancaq stres, qorxu, gərginlik əhatə edibsə, orda ancaq uğursuzluq, tənqid, inamsızlıq hiss edibsə və məcburiyyət qarşısında oxuyubsa, deməli, orta təhsili bitirəndən sonra oxumağı, öyrənməyi çətin ki, sevəcək. O həyatındakı bu prosesi tezliklə başa vurmağa və bir daha ona yenidən heç vaxt qayıtmamağa çalışacaq. Beləliklə, siz onu sıxmaqla arzuolunmaz nəticələrə gətrib çıxara bilərsiniz.
Çox uşaqlar musiqi məktəbini bitirdikdən sonra bir də heç vaxt pianonun qapağını qaldırmır. Onu əvvəllər məcbur ediblər deyə indi oxumağı bacarmırlar. Nəinki məqalə və ya hesabat, heç məktub da yaza bilmirlər, çünki, vaxtilə kimsə onun yazısını tənqid edib və inşanı köçürməyə məcbur edib.
Müasir məktəblərdə təhsil asan deyil, lakin məşğələlər sizin övladınızın müstəqil şəkildə öhdəsindən gələ biləcəkləri səviyyədədir, bir şərtlə ki, əgər siz nə vaxtsa valideynlərinizin və ya özünüzün həyata keçməyən arzularınızın reallaşması üçün övladınızı öz boyundan yüksəyə tullanmağa məcbur etməyəsiniz. Eləcə də müəllim sinfin müvəffəqiyyət göstəricisi korlanmsın deyə şagirdin üzrərinə onun apara bilməyəcəyi yükü qoymamalıdır.
Bir çoxları, xüsusilə övladını ciddi nəzarətdə saxlayan valideynlər tam əmindirlər ki, uşaqlar təbiətən tənbəl, məsuliyyətsiz, ancaq əyləncə barədə düşünən, işdən boyun qaçıran, başına məcara axtaranlardırlar. Onların bu fikirləri boğucu valideyn nəzarətindən bir dəqiqəlik, yarım saatlıq ya da bir günlük qaça bilmiş uşaqlar üçün heç də əsassız deyil. Bununla uşaqlar “canlarını qurtarmaq” və onlara qadağan olunmuş hər şeyi etmək istəyirlər. Həqiqətdə isə uşaqların böyük əksəriyyəti istirahətlə əvəz olunan işlə məşğul olmağa, uğur qazanmağa, başa düşdükdə ki, bu iş onun özün nəzarətində, özünə aid olan bir işdir bu işi canla-başla görməyə həvslidirlər. Onlar qələbəni halallıqla qazananda səhvləri də öz üzərlərinə götürürlər. Uşaqlar nəticələrinə təsir edə biləcəkləri işlərin təşkilinə daha tez can atırlar və bu işlə məmnuniyyətlə vaxt və güc sərf edirlər.
Hazırda işləməyən analar və nənələr var ki, öz həyatını yaşamaq əvəzinə uşağın oxumağına kömək etməklə özünə də, uşağa da problem yaradırlar. Uşağa “kömək” etməklə onlar belə fikirləşirlər ki, “uşaq o qədər zəifdir ki, mütləq ona nəzarət etmək lazımdır. Əks halda o heç nə etməyəcək”. Belə də olur: ” Mənə uşaq vaxtı kömək edən olmayıb, ona görə də mənə çətin olub. Odur ki, gücüm çatan qədər övladıma kömək etməyə çalışacam”. Əlbətdə ki, bu niyyətinz xoş niyyətdir, amma bu arzularınız heç də həmişə övladınızın real təlabatlarına uyğun gəlmir. Uşaqların əksəriyyəti məktəbəqədər dövrdə özlərini idarə etməyi öyrənmədiklərinə görə məktəb dövründə də diqqətsiz, astagəldirlər və fikrini cəmləməyi bacarmırlar. Bu ona görə belədir ki, bütün tapşırıqlar onların əvəzinə yerinə yetirilmişdir. Uşaqlara bir işi əvvəldən axıra qədər tamamlamağa imkan yaradılmayıb. Bu problemin əsası məktəbəqədər dövrdə qoyulub. Məktəb dövrü isə sadəcə olaraq bu problemlərin, özü də şagirdin deyil, onun böyüdüyü ailənin problemlərinin qabarması üçün zəmin rolunu oynayır.
Bəs ailə sistemi baş qaldıran problemə necə münasibət göstərir? Ailə əvvəl uşağı qoruyurdusa, indi daha çox qoruyur, əvvəl nəzarət edirdisə, indi nəzarəti daha da gücləndirir. “Axı məlumdur ki, o bacarmayacaq!” Ailə başa düşmək istəmir ki, problemlərin kökünü düzəltmir, əksinə, artırır, gücləndirir. Təsir qüvvəsi daha çox artdıqca... onu cəzalandırmağa, danlamalardan bir nəticə əldə etməyəndə isə uşağın əvəzinə problemi həll etməyə çalışırlar. Beləliklə, o daha oxumur və ya oxumaq istəmir.
Valideynlər uşaq üzərində nəzarəti getdikcə daha çox öz əllərinə alaraq övladlarına daha az etibar edirlər.Valideyn iradəsinə tabe olduqca uşağın öz iradəsi azalmağa başlayır. Uşağın təhsili və qiymətləri özündən çox valideyninin məsuliyyətinə, valideynin qayğısına çevrilir. Həm də uşaqda valideynlərinin təzyiqinə dayanıqlı və güclü müqavimət formalaşır (əks halda bu təzyiqlər şəxsiyyətə dağıdıcı təsir göstərib, onu sındıra bilir). Uşaq tərfindən xarici təzyiqə (müəllim və ya valideyn tərəfindən) qarşı müqavimət passiv (ərincəklik, tez-tez ayaqyoluna getmək, su içmək istəməsi bəhanələri, ev tapşırığını unutmaq, dərslərini sonraya saxlamaq) və aktiv formada (inad, tərslik, dava-dalaşlar, dərsburaxmalar, açıq etirazılar) ola bilər.
Belə hallarda valideynlər əsəbi halda uşağa barmaq silkələyir, ona tənbəl, fərsiz, yaramaz, xuliqan və s. buna bənzər və ya daha ağır alçaldıcı sözləri ünvanlayırlar. Valideynlər etiraf etmək istəmirlər ki, bu vəziyyətə görə təkcə uşaqlar yox, onlar üzləri də cavabdehdirlər. Onlar əmindirlər ki, hər şeyi düz edirlər, sadəcə uşaq tənbəl, yaramaz və s.-dir. Vaxt getdikcə uşaqlar həll etməli olduğu problemi həll etmək arzusu və gücünü itirməyə başlayırlar. Çünki, xaricdən oln nəzarətin təsirindən onlarda mürəkkəb hisslər mexanizmi yaranır. Onlarda nəyisə həll etməkdə şəxsi motivləri itir. Motivlə birgə nəyisə əldə etmək üçün vacib olan enerji də yoxa çıxır.
Nə qədər çox sıxarsınızsa, etiraz da o qədər çox olacaq (əlbətdə, əgər siz uşağınızı hələ “sındırmamısınızsa” və tam öz iradənizə tabe etməmisinizsə). Əgər uşaq sizə etiraz edirsə, buna əsəbləşmək əvəzinə sevinməlisiniz. Bu o deməkdir ki, öz şəxsiyyətini sizə əzdirməyəcək qədər gücə və sağlamlığa malikdir. Sizin qarşınızda duran vəzifə isə odur ki, onun qəzəbli etirazlarının səbəblərini aşkar edəsiniz və ilkin səbəbləri aradan qaldırmağa çalışasınız. Ona görə ki, etiraz etmələr, qarşıdayanmalar o qədər çox gücünü alır ki, onlar ikiqat zəifləyirlər.
Təsəvvür edin ki, siz işə getməlisiniz və evdəkilərdən kimsətez-tez sizin vacib sənədləri götürüb-götürmədiyinizi, hesabatı yazıb-yazmadığınızı yoxlayır. Həm də o bu nəzarəti daim və gün ərzində dəfələrlə edir. Bu sizi tez bir zamanda yorardı, amma müəyyən vaxt keçdikcə buna öyrəşəcəksiniz və evdəkilər sizin yadınıza salmasa, həqiqətən sənədləri evdə unudacaqsınız. "Nə üçün yadıma salmadın" -deyə, öz səhvinizi, məsələn, həyat yoldaşınızın üzərinə atacaqsınız. O isə sizə belə cavab verəcək: "Məgər mən sənin sənədin, hesabatın barədə düşünməyə cavabdehmiyəm?" Əlbətdə, o buna cavabdeh deyil. Ona görə də əvvəlcədən özünə aid olmayan işə qarışmalı deyildi. Günah kimdədir? İkinizdə də! Heç kəs öz işi ilə məşğul olmayıb. Biri öz növbəsində cavabdehliyi öz üzərinə alıb, digəri isə verib.
Bəs siz hər gün işdən gələn kimi yaxınlarınız "Otur hesabatını yaz, nə istirahət, nə televizora baxmaq? Sənin hesabatını kimyazacaq? Mən sənə görə deyirəm ki, sabah işdə problem olmasın." -kimi ifadələr işlətsə nə hiss edərsiniz? Bunu həyat yoldaşınız etsə- boşanarsınız, ananıza etsə, ona nə qədər hörmət etsəznizdə bu şəraitdən qaçmaq yolları barədə düşünərsiniz. Təbii ki, bu vəziyyət sizi məcbur edənə nifrət yaradır. Siz istəyərsinizmi, uşaq da bu hisləri sizə bəsləsin? Hələ siz hesabatda bir səhv etmiş olarsınızsa, həmin yaxınlarınız buna görə sizin başınızın üstündə dayanıb, üstünüzə qışqırarsa nə edərsiniz? Siz fikrinizi cəmləmiş, diqqətli, həvəsli olaraq davam edə biləcəksinizmi? Siz iki səhifə yazandan sonra, səliqəsizdir deyə yenidən köçürməyə məcbur edilsəniz necə olardı? Buyurun bunu öz üzərinizdə sınayın! Necədir? Sıxılırsız? Çoxlu acıq, əsəb, etiraz və heç bir işləmək həvəsi qalmadı?
Sizə asandır, axı siz böyüksünüz, ətrafınızdakıları uzaqlaşdıraraq hesabatın da, işdəki problemin də sizin işiniz olduğunu və sizə aid olduğunu söyləyə bilərsiniz. Hətta qışqıra, qol gücünüzü göstərərək kimin evdə başçı olduğunu sübut da edə bilərsiniz. Bəs sizin uşaqlar? Onlar bunu bacarmır. Onlar bu daxildəki qıcığı boğaraq sizə hörmət və məhəbbətdən, ya da qorxudan tabe olmağa məcburdurlar. Eyni zamanda qorxu və qəzəbin söndürülməsinə sərf etdikləri enerji onların gücünü alır. Təəccüblü deyil, onlar niyə oxumaq istəmirlər. Mən bu halları araşdırmağa çalışanda təəccüblə soruşurdular:"Siz nə təklif edirsiniz? Onlara nəzarəti dayandırsaq, onda heç oxumayacaqlar! Bütün qiymətləri "2" olacaq!" Əlbətdə, mən onlara demək istəməzdim ki, siz artıq valideyn kimi "2"-nizi almısınız. Bu kobud olardı... , amma həqiqətdir. Təbii ki, uşaqlar artıq 8-9-10 ildir yuxusuz valideyn nəzarətindən birdən -birə azad olsalar, bu birmənalı olaraq onları uğursuzluğa aparar. Xüsusən də, əgər buna iki gün vaxt verilərsə. İki günə o həqiqətən də üzünü və dərslərini idarə edə bilmədiyini tam nümayiş etdirəcək. Belə ki, valideynlər bu iki gün ərzində gizləyə bilməyəcəkləri qəzəblə (!) müraciət edəcəklər: " Mən axı demişdim! O bacarmaz!" Əlbətdə, bacarmaz. Onun yerində kim olsa bacarardı ki? Uşaq bunu hələ öyrənməldir. Başqa uşaqlar zəif mənimsəmə risqindən qorxmayaraq özünüidarəni öyrənməyə hələ məktəbəqədər dövrdə başlayıblarasa, haqqında danışılan uşaqlar buna gecikmiş olaraq başlayacaqlar. Ola bilsin ki, siz istəməsəniz də müəyyən bir müddət qiymətləri sizin istədiyiniz səviyyədən aşağı da olacaq. Amma siz seçim etməlisiniz: ya qiymətlər (hansı ki, heç də adətən yuxarı olmur), ya da uşağınızda özünüidarə və özünə nəzarət bacarıqlarını formalaşdırmaq üçün vaxt. Elə vaxt ki, onun gedişatında təhsil sizin deyil, onun qayğısı olacaq. Həmin vaxt ərzində o sizin müdaxilənizi gözləyəcək. Bunu görməyəndə sevinəcək, bütün işlərini atacaq. Amma sonra başa düşəcək ki, oxumaq hər halda lazımdır və sinifdə ən zəif şagird olmaq ürəkaçan deyil. Sonra isə yavaş-yavaş özü doğru yolu tapacaq, ilkin uğurları, yaxşı qiymətləri düzgün yolla qazanılmağa və nailiyyətlərə istiqamətlənəcək.
Əgər övladınız hər şeydə sizə arxalanıbsa, buna adət edibsə və işlərinin onun əvəzinə sizin yerinə yetirmənizdən könüllü imtina edə bilmirsə (bu da uşağınızın kifayət qədər infantil, psixoloji olaraq qeyri-kamil, özünə inamsız, səhv etməkdən çox qorxan ağır vəziyyətin göstəricisidir), onda heç olmazsa ona asan gələn dərslərdən başlamağa cəhd edin. Amma daha çətin dərsləri də özü yerinə yetirsin və başa düşmədiyi hissələrdə sizə kömək üşün müraciət etsin. Ən vacibi odur ki, o tapşırıqları yerinə yetirərkən imkan daxilində öz vaxtını planlaşdırmağı bacarsın. Əgər nəyisə öyrənməyə çatdırmayacaqsa, qoy məktəbdə buna görə "qanuni” “2"-sini alsın, peşiman olsun və vəziyyəti düzəltməyə cəhd göstərsin. Onun özünə nəzarətdə əldə etdiyi hər kiçik uğuru belə qiymətləndirsəniz daha tez müvəffəqiyyət qazanacaqsınız. Övladınızın uğursuzluğunu üzünə vurub "dedim axi, 2 alacaqsan!" demək əvəzinə onunla birlikdə bu vəziyyətin yaranması səbəblərini araşdırmanız daha məqsədə uyğun olar.
Bunu başa düşmək vacibdir ki, nəzarəti uşağın öz öhdəsinə buraxıb, buna sərf edəcəyiniz vaxtın əvəzinə öz həyatınızda başqa, maraq, məşğuliyyət tapmağınızda sizə çətinlik yaradacaq. Çox ana və nənələrdə həddən artıq nəzarətçilik və qayğıkeşlik ancaq özünün lazımsızlıq, işində, vəzifəsində uğursuzluq kompleksindən sığortalanmaq üçün bir imkandır. Onların çoxu üçün öz həyatlarını yaşamaqdansa, başqasının həyatını idarə etmək daha asandır. Bəziləri bununla təsəlli tapır. Görəsən bunda uşaqların günahı nədir?...