Altıyaşlıların həyatında ən mühüm an olan – məktəbə qəbul vaxtı yaxınalşadıqca bir çox valideynlərin qayğı və narahatçılıqları da artır. Əksər hallarda isə ata və ana birinci sinfə gedəcək uşaqdan daha çox həyəcanlanır. Əslində isə məktəbə hazırlaşmaq o qədər çətin bir iş deyil, əsas odur ki, vacib məsələlərin heç birini nəzərdən qaçırmayasan.
Birinci sinfə gedəcək uşağa məktəbdə nə lazım olacaq?
Ən başlıcası uşağa məktəb üçün zəruri olan bütün əşyların alınmasıdır. Bunun üçün əvvəlcədən alacağınız əşyaların siyahısını hazırlayın. Məktəb ləmazimatları və geyimi – rahat çanta, ayaqqabı, idman forması, penal, dəftərlər, qələm və karandaşlar və s.-ni uşaqla birlikdə seçin. Uşağın gələcək sinif müəllimindən məktəbdə dövlət tərəfindən hansı dərsliklərin veriləcəyini, əlavə hansı vəsaitlərin alınmasının lazım oldğunu haqda maraqlanın.
Çalışın, bütün zəruri ləvazimatları uşağın öz iştirakı ilə alın. Qoy uşaq xoşuna gələn məktəbli çantasını (rəngi, üstündəki şəkil, forması və s.) özü seçsin. Əks halda özünün xoşuna gəlməyən və ona rahat olmayan çanta ilə hər gün məktəbə gedib-gəlmək onun üçün əməllicə əziyyətə çevriləcək. Həmçinin qələm və karandaşlar, dəftərlər, albom və digər ləvazimatları alanda da uşağın fikri ilə hesablaşın (təbii ki, nəzərdə tutduğunuz büdcə çərçivəsində).
Məktəblərdə vahid forma nəzərdə tutulduğundan məktəb rəhbərliyindən formanı haradan ala biləcəyinizi öyrənin.
Eyni zamanda bunu uşaqla da əvvəlcədən müzakirə edin və ona izah edin ki, hər gün dərsə eyni geyimdə gedib-gəlməyə alışmalıdır. Xüsusilə qız uşaqları geyim məsələsinə həssas olduqları üçün onları qabaqcadan vahid məktəbli forması geyinməyə mənəvi-psixoloji cəhətdən hazırlamaq lazımdır.
Birinci sinfə gedəcək uşaq nələri bilməlidir?
Bir çox valideyndə belə bir fikir formalaşmışdır ki, uşaq məktəbə gedənə qədər nə qədər çox bilik öyrənsə, bir o qədər də o, daha yaxşı oxuyacaqdır. Əslində isə bu belə deyildir. Birinci sinfə həddindən artıq hazırlıqlı gələn uşaqlara (mürəkkəb hesab əməlləri yerinə yetirməyi bacaran, sürətlə oxuyan, ingilis dilini bilən və s.) dərs prosesi maraqsız olur və onların artıq bildiyi dərslərin sinifdə daim təkrar edilməsi onlarda qıcıq yaradır. Eyni zamanda öz yaşına uyğun hazırlığa malik, yalnız zəruri biliklərə yiyələnmiş uşaqlar isə məktəb məşğələlərini ətraf əlamlə tanışlığın daha bir əlavə vasitəsi kimi qəbul edir və yeni bilikləri həvəslə öyrənir.
Saytımızda bir neçə dəfə uşağın I sinfə gedərkən hansı hazırlığı olması məsələsinə aydınlıq gətirmişik. Bir daha qeyd edirik ki, 6 yaşlı uşaq məktəbə gedərkən soyadını, özünün və valideynlərinin adını, ev ünvanını, telefon nömrəsini, ən geniş yayılmış heyvan, bitki, gül adlarını, idman növlərini, peşələri, məişət əşyalarını asanlıqla və tez deyə bilməlidir. Bundan əlavə uşaq ayların və ilin fəsillərinin adlarını, onların ardıcıllığını, yol hərəkəti qaydalarını bilməli, sağ-solu fərqləndirməli, müxtəlif heyvanlar, tərəvəz, meyvə və əşyalar arasında olan fərqləri başa düşməlidir. Birinci sinfə gedən uşaq 10-a qədər saymağı və 10 çərçivəsində hesablamağı bacarmalı, sadə məntiqi tapşırıqları həll etməyi, ona təklif edilən şəklə uyğun hekayə qurmağı, kiçik mətnləri dinləyib yenidən danışmağı, qələm, karandaş, kağız və qayçı ilə işləməyi də bilməlidir. Bütün bunlar uşağın I sinfə hazırlığı üçün tam kifayət edir.
Uşağın məktəbə psixoloji hazırlığı
Valideynlər üçün ən mühüm məsələ uşağın məktəbə psixoloji və emosiolnal hazırlığıdır. Bunun üçün ilk növbədə uşağa izah edin ki, onun məktəbdəki fəaliyyəti evdəki və ya bağçadakı fəaliyyətindən və rejimindən fərqlənir. Məktəbdə dərslərin olması, həmin dərslər vaxtı parta arxasında oturmaq və diqqətlə müəllimə qulaq asmaq və onun göstərişlərini yerinə yetirmək barədə uşaqla söhbət aparın. Bundan əlavə, tənəffüs, ev tapşırıqları, məktəbli kitabçası (gündəlik) və qiymətləndirmə haqqında da uşağa müəyyən məlumatlar verin.
Bütün bu məlumatları uşağa elə çatdırmaq lazımdır ki, onda dərs prosesinə həvəs və pozitiv münasibət formalaşsın, tezliklə məktəbə getmək arzusu yaratsın. Uşağa öz məktəb illərinizdən müsbət və əyləncəli xatirələrinizi, məktəb bayramları, sevimli müəllim və fənlər haqqında danışın. Heç bir halda uşağa sinifdə ən yaxşı şagird olacağı haqqında fikir söyləməyin, çünki bu zaman övladınız qarşısında ağır bir öhdəlik qoymuş olursuz və əvvəldən belə mövqeyə malik uşağın sinif yoldaşları ilə münasibətləri də uğurlu alınmır.
Uşağa əvvəlcədən bildirin ki, heç də hər şey birinci dəfədən uğurlu alınmayacaq, dərs prosesində müəyyən çətinliklər də olacaq və bunda qorxulu heç nə yoxdur. İzah edin ki, birdən nə isə alınmasa, hansısa dərsi başa düşməsə onu danlamayacaq, əksinə hər bir çətinlikdə kömək edəcəksizniz. Övladınıza başa salın ki, məktəb həyatı böyük həyata ilk addımdır və burada onun qazandığı çoxlu bilik və bacarıqlar gələcəkdə ona faydalı olacaqdır.