Biz həkimə gedirik

Valideynlərə tövsiyələr


Uşağın xəstələnməsi ailədə həmişə müəyyən gərginliyə səbəb olur. Bu gərginliyi uşağı həkimə aparmaq istəyində onun mənfi reaksiyası daha da artırır. Elə bir ailə yoxdur ki, uşağı həkimə aparmaq lazım olanda problemlə üzləşməsinlər. Həkim və ya “doxdura” getmək lazımdı deyəndə - uşaqlar ağlayaraq ayaqlarını yerə vurub “getməyəcəm” deyə qışqırır, nənə və ya babanı köməyə çağırır, bununla da qanımızı lap cox qaraltmış olurlar. Elə etmək lazımdır ki, nəinki uşaq xəstələnəndə, həm də profilaktik məqsədlərlə həkimə baş çəkmək lazım olduqda övladınız buna asanlıqla razılaşsın, ağlayaraq, inadkarlıq göstərərək problem yaratmasın.

Uşağı lap kiçik yaşlarından həkimə, poliklinikaya baş çəkməyə psixoloji və emosional cəhətdən hazırlamaq lazımdır. Təbii ki, bu məsələdə yenə də, uşqaların ən çox sevdiyi müxtəlif oyunlar və oyuncaqlar köməyimizə çatacaqdır. Məlumdur ki, bütün valideynlər imkan daxilində öz uşaqlarına hədiyyə olaraq oyuncaq almağı xoşlayırlar. Cox vaxt da fikirləşmədən, yəni əlimizə nə keçdi və ya satıcının məsləhəti ilə seçim edirik. Lakin gəlin bir dəfə də oyuncağı məqsədə uyğun alaq. Hal-hazırda mağazalarda çoxsaylı oyuncaq həkim ləvazimatları vardır. Bu oyuncaqlardan tərkibində bir neçə ləvazimat olan oyuncaq həkim dəstini alın. Sonra evdə övladınızla birgə vaxtaşırı olaraq “həkim-həkim” oyununu oynayın. Oyun üçün ona hətta ağ həkim xalatı da tikmək olar. Çalışın aldığınız oyuncağın içərisindən çıxan hər bir ləvazimatla körpənizi tanış edin, onların necə adlandığını, istifadə qaydasını, faydalılığını sadə dillə başa salın Məsələn: hərarəti (temperaturu) ölçmək üçün nədən, necə istifadə etmək lazım olduğunu və bunun heç də qorxulu olmadığını uşağa izah edin. Oyun zamanı “Ananın boğazı ağrıyır” deyərək həkim balanıza müraciət edin. Bu zaman ona nə etməli, əlinə nə götürməli olduğunu bildirin və özünüz də rola girməyi unutmayın. Bir çox kitablarda bu mövzuya aid maraqlı şəkillərə də rast gəlmək olur. Onlardan da istifadə etmək bu oyuna daha məzmunlu olmasına imkan yaradır. Bu faktların hamısı körpənizin psixoloji hazırlıq durumuna müsbət təsir göstərə bilir. Tez-tez belə oyunlar keçirib siz uşağınızı nəinki, müəyyən qədər həkim və poliklinika qorxusundan etmiş olursunuz, həmçinin onda həkimlik peşəsi haqqında müəyyən təsəvvür yaradıb, onun zehni inkişafına, dünyagörüşünün zənginləşmısinə, söz ehtiyatının artırılmasına kömək edirsiniz.

Vaxtınız məhduddursa, azacıq istiqamət verməklə, təlimatlandırmaqla, uşağı bu oyunu gəlincik və ya heyvan oyuncaqları ilə oynamasına da yönəltmək olar. Heyvan oyuncaqlarını bir yerə yığıb, uşağa izah etmək olar ki, bu heyvanlar üçün xəstəxanadır və o, balaca “Aybolit doktor” kimi xəstə heyvanları müayinə və müalicə etməlidir.

Bütün bu vasitlərdən istifadə edərək uşaqda həkim yanına getmək, müayinə olunmaq qorxusunu azaltmaq və ya tamamilə aradan qaldırmaq olar. Unutmayın, heç zaman uşaqlarınızı həkimlə qorxudub hədələməyin!


Arzu edirik ki, körpələriniz heç vaxt xəstələnməsin və həkimə baş çəkməyə ehtiyac yaranmasın!




Valideynlər üçün