Uşağa erkən yaşlardan ilin fəsillərini öyrətmək vacibdir. Bunu artıq 3 yaşından başlayaraq etmək olar. Çünki artıq bu yaşda uşaq müxtəlif hava hadisələrini – yağış və ya qar yağmasını, külək əsməsini, günəşin parlamasını və s. ayrıd edə bilir. Bu anlayışlar vasitəsilə uşaq dünyagörüşünü genişləndirmək, ona ilin fəsillərinin necə dəyişməsini, müxtəlif vaxtlarda hansı geyimi geymək lazım olduğunu izah etmək olar.
Uşağa ayları öyrətməzdən əvvəl, ona ilin fəsilləri haqqında danışmaq zəruridir. Bu barədə söhbəti müxtəlif fəsillərin hansı hava şəraiti ilə müşahidə olunduğu haqqında bilgilərdən başlamaq lazımdır. Məsələn, qışda qar yağanda, soyuq olanda Yeni il şənliyinə gedirik, şaxta babanı görürük və ya yazda ağaclar çiçək açanda Novruz bayramını qeyd edirik, Keçəllə Kosa şənliyə gəlir və s. yaxşı olar ki, bu söhbətləri şəkillər nümayiş etdirməklə, əlavə izahatlar verməklə daha da rəngarəng edəsiniz. Bundan əlavə hansı fəsildə isti və qalın, hansında isə yüngül geyimlər geyinildiyi haqqında uşağa məlumat verin. Fəsillər dəyişdikcə təbiətin də necə dəyişməsinə, payıza yarpaqların saralıb, tökülməsinə, yazda qarın əriməsi, quşların isti ölkələrdən geri dönməsi və başqa hadisələrə uşağın diqqətini cəlb edin.
Bu səpgidə söhbətlərdən sonra saytımızın müvafiq bölməsində fəsillərə aid testlərlə uşağın mənimsədiyi bilikləri yoxlaya və onları möhkəmləndirə bilərsiniz. Bu testlər uşaqlar üçün nəinki faydalı, həm də maraqlıdır.
Çalışın uşaqla birgə küçədə gəzərkən ondan hal-hazırda hansı fəsil olmasını onun əlamətləri, xüsusiyyətləri barədə suallar verin. İlin fəsilləri haqqında uşağa şeirlər oxumağın da mövzunun qavranılmasında böyük əhəmiyyəti var.
Beləcə uşaq ilin fəsillərinin əlamətlərini daha yaxşı mənimsəyəcək. Uşaq fəsillərini bir-birindən fərqləndirməyi bacarandan sonra, ona ayları öyrətməyə başlamaq olar.
Uşağa bir neçə həm müxətlif olan, eyni zamanda ümumi əlamətləri də olan predmetlər göstərərək onları müqayisə etmək təklif etmək olar. Məsələn, uşağa itlə pişiyi müqayisə etməsini deyin, onların hansı oxşar və fərqli cəhətlərinin olmasını soruşun.
İlk olaraq uşağa izah edin ki, ilin fəsilləri aylara bölünür, dörd fəslin hər biri üç aydan ibarətdir. Ayları öyrətməyin ən yaxşı yolu onların müxtəlif bayramlar, əlamətdar günlər məsələn, 8 mart, 15 sentyabr, uşağın ad günü və s. ilə əlaqələndirməkdir. Təbii ki, diqqəti ən çox uşaqların sevimlisi olan Novruz və Yeni il bayramlarına yönəltsəniz mövzuya daha asan başlanğıc olar. Sonra uşağa izah edin ki, hər fəsil aylara bölünür və hər ayın öz adı var. Hər bir fəslə uuyğun ayları sadalayın və uşağa təkrar elətdirin. Təbii ki, uşağın yaş xüsusiyyətləri ilə əlaqədar, hər mövzuda olduğu kimi, bu mözunu da müxtəlif oyunlar vasitəsilə daha səmərəli öyrətmək olar. Bunun üçün saytımızda oyun xarakterli testlər yerləşdirilmişdir.