Hətta birinci sinif şagirdlərinin də əksəriyyətinin vaxtı təyin edə bilməməsi çoxlarına məlum olan faktdır. Çox vaxt adama elə gəlir ki, uşaq artıq əsl saatdan istifadəni, vaxtı özü müəyyən etməyi öyrənib, amma bununla belə praktikada onun yenə də vaxtı səhv salması müşahidə edilir. Mütəxəssislər bildirirlər ki, saat və dəqiqə əqrəblərinin ümumiləşdirərək, vaxtın təyin edilməsi uşaq beyni üçün kifayət qədər çətin bir işdir. Bununla əlaqədar vaxtın dərhal həm saat, həm də dəqiqə əqrəbləri olan saatlar vasitəsilə öyrədilməsi heç də vacib deyil.
Valideynlər adətən saatın öyrədilməsinin nədən başlamaq lazım olduğuna çətinlik çəkirlər. Yadda saxlamaq lazımdır ki, vaxtın öyrənilməsinə 5 yaşdan başlamaq lazımdır. Məhz bu yaş dövründən məktəbqədər yaşlı uşaqlar hadisələrin ardıcıllığını, yəni keçmişi (dünən), indini (bu gün) və gələcəyi (sabah) düzgün başa düşürlər. Bu yaşda uşaq bilir ki, gündüzdən sonra axşam, gecə, ardınca isə səhər başlayır. Uşağa vaxtı öyrətmək üçün oyuncaq saat alın və ya uşaqla birgə özünüz oyuncaq saat hazırlayın. Oyuncaq saatın iri sifreblatı (rəqəmlər olan dairə) və asanlıqla çıxarıla bilən əqrəbləri olmalıdır. Bundan əlavə, vaxtı öyrənməyə başlayana qədər uşaq saymağı bacarmalıdır.
Beləliklə, vaxtı öyrənməyə başlayırıq. Əvvəlcə uşağın diqqətini cəlb edin ki, saat siferblatın üzərində yerləşir, onun saat və dəqiqə əqrəbləri var. Bu əqrəblərdən qısa olanı saat, uzun olanı isə dəqiqə əqrəbidir. Uşaq bunları yadında saxladıqdan sonra dəqiqə əqrəbini götürün və siferbaltın üzərində yalnız rəqəmləri və saat əqrəbini saxlayın. Uşağa bu əqrəbin yavaş hərəkət etdiyini göstərin. Ona izah edin ki, əgər saat əqrəbi bir rəqəminin üzərindədirsə, deməli saat birdir. Əgər bu əqrəb bir rəqəmini keçdisə, deməli saat birdən keçib. Bu üsulla öyrətmək xeyli vaxt apar bilər. Amma səbrli olun və hadisələri qabaqlamağa çalışmayın. Oyuncaq saatın rəqəmlərinin yanında müəyyən hadisələrə uyğun, məsələn uşağın gün rejimini bildirən şəkillər yapışdırmaq olar. İlk əvvəl 2-3 şəkildən istifadə etmək olar. Məsələn, 7 rəqəminin yanında yuxudan oyanma, 9 rəqəminin yanında uşaq bağçası şəkili və s. Vaxt keçdikcə şəkilləri əlavə edin və uşaqdan daim saatın neçə olduğunu soruşun.
Saat əqrəbi ilə vaxtı öyrəndikdən sonra, dəqiqə əqrəbini öyrətməyə başlayın. Uşağa izah edin ki, dəqiqə əqrəbi saat əqrəbindən daha sürətli hərəkət edir. Ətraflı izahat üçün siferblatın üzərində bir qədər balaca şriftlərlə 1-dən 60-a qədər rəqəmləri qeyd edin. Bildirin ki, saatı göstərən böyük rəqəmlərin arasındakı bölgülər 5 dəqiqəyə uyğundur. Sonra dəqiqə əqrəbinin bütün dairəni 1 saata dövr etdiyini, Bundan sonra saat əqrəbinin növbəti rəqəmə keçdiyini izah edin. Sonra uşağa yarım saat, 15 dəqiqə və s. vaxt kəsimlərini göstərin və ona təkrar etdirin.
Uşağa deyin, qoy dəqiqə əqrəbinin necə hərəkət etdiyini, müəyyən dəqiqə intervallarını (10 dəqiqə, 30 dəqiqə, 35 dəqiqə) göstərsin. Sonra ona bir dəqiqənin keçməsinin necə müəyyənləşdirmək olduğunu başa salın. Daha sonra isə müxtəlif dəqiqə intervallarının məsələn, 8 dəqiqə, 12 dəqiqənin necə olduğunu saatın üzərində uşağa göstərib, izah edin.
Uşaq saat və dəqiqə əqrəblərini təyin etməyi mənimsəyəndən və bu sahədə müəyyən irəliləyişlər müşahidə etdikdən sonra əsl saatın üzərində məşğələ aparmaq olar. Təbii ki, uşağın vaxtı təyin etmə sahəsində bütün incəliklərə dərhal qavramasını gözləmək yersiz olardı. Amma digər tərəfdən o da faktdır ki, uşaq bu incəlikləri başa düşüb, yadda saxlaya bilir. Çalışın ki, uşağa vaxtı müəyyən etmək üçün çoxlu suallar verəsiniz. Bütün mümkün hallarda onun fikrini saatın neçə olmasına cəlb edin, oyun zamanı imkan düşdükcə saatın neçə olması barədə suallar verin.
Bundan əlavə uşağa saatların müxtəlif – divar, stolüstü, qol, elektron, qum saatı kimi növlərinin olması və onların hər biri haqqında qısa məlumat da verin.
Əgər alınan biliklərin möhkəmləndirilməsinə, onların təkrarlanmasına vaxt ayırmasanız onda hər şeyin yenidən başlanması zərurəti ilə üzləşə bilərsiniz. Bunun üçün saytımızın “Zamana bələdlik” bölməsindəki öyrədici testlərdən istifadə edə bilərsiniz.Uğurlar!
Təlimatla tanış oldum!