Hiperaktiv uşaqlar

Valideynlərə tövsiyələr


Son vaxtlar valideynlər tərəfindən övladlarının hiperaktiv və ya həddindən artıq aktiv olması haqqında fikirlərə daha çox rast gəlinir. Bir sıra hallarda hiperaktivlik və həddindən artıq fəallıq, dəcəllik eyni bir hal kimi qəbul edilir. Amma yadda saxlamaq lazımdır ki, uşağın hiperaktivliyi enerjisinin çox olmağı deyil, ciddi bir xəstəlikdir. Düzgün diaqnoz qoymaq üçün aktivlilik ilə hiperaktivlik arasında fərqi bilmək lazımdır. Əgər valideynlər bəzi tövsiyələri diqqətə alsalar hiperaktiv uşaqlarına mühitə adapdasiya olmağa kömək etmiş olarlar


• AKTİV UŞAQ
— daima qaçırlar, qışqırırlar, oynayırlar, ərköyünlük edirlər, amma onları maraqlandıran bir şey görən kimi sakitləşirlər.
— həzm sistemi, yuxu və allergiya ilə bağlı problemləri olmur.
— həmyaşıdları, valideynləri və digərləri ilə özlərini aqressiv aparmırlar.
— onları əhatə edən hər şeylə maraqlanırlar. Çoxlu suallar verir və cavablara diqqətlə qulaq asırlar.
— vərdiş olmadıqları ətrafa və yeni şəraitə tez öyrəşirlər.


• Bəs Hiperaktivlik nədir?
Elmi adı Diqqət Çatışmazlığı Sindromu və Hiperaktivlik-dir (DÇSH). O mərkəzi sinir sisteminin funksiyasının pozulması nəticəsində yaranır və nəticədə uşaq diqqətini cəmləyə bilmir, yaddaşı pozulur, impulsiv və hiperaktiv olur. DÇSH geniş yayılmış sosial bir problemdir, uşaqların çoxu bu xəstəlikdən əziyyət çəkir, onların sosial mühitə adaptasiya olmasına mane olur. Gələcəkdə bu, uşaqları alkoqol və narkotik asılılığına gətirib çıxara bilir. DÇSH qızlara nisbətən oğlan uşaqlarında 4-5 dəfə daha çox rast gəlinir. Xəstəliyin 3 tipi var:

1. Diqqət çatışmazlığı olmadan Hiperaktivlik sindromu
2. Hiperaktivlik olmadan diqqət çatışmazlığı sindromu (ən çox qızlarda rast gəlinir. Onlar sakitdirlər, amma “xəyallarda uçurlar” deyə diqqətlərini cəmləyə bilmirlər).
3. Hiperaktivlik və diqqət çatışmazlığı sindromu bir arada (daha geniş yayılmış variant).


• Diaqnostika
İlk öncə, əgər valideynlər uşaqlarında bu xəstəliyi aşkarlayıblarsa həkim-nevroloqa müraciət etməlidirlər. Uşaq ümumi müayinədən keçməlidir, cünki DÇSH maskası altında daha ciddi xəstəliklər gizlənə bilər. Şərti olaraq xəstəliyin diaqnostikasının 3 mərhələ göstərmək olar:

Birinci mərhələ -Amerika Psixatriya Assosiasiyası tərəfindən hazırlanmış və hamı tərəfindən qəbul edilmiş uşağın davranışının subyektiv qiymətləndirilməsidir. Burada həkim anadan hamiləliyin və doğuşun necə keçdiyi haqda ətraflı maraqlanır, uşağın indiyədək keçirdiyi xəstəlikləri soruşur.
İkinci- obyektiv və ya psixoloji mərhələdə uşağa verilmiş xüsusi testlər əsasında onun bu testlərin həll etməsinə sərf etdiyi vaxt və buraxdığı səhvlərin sayına baxılır, uşağın diqqəti yoxlanılır. Bu mərhələ yaşı 5 və ondan yuxarı olan uşaqlara tətbiq edilir.
Üçüncü mərhələdə başın elektroensefaloqrafiyası (EEQ) çıxarılır. Bu uşağın beyninin vəziyyətinin daha dəqiq analizi üçündür. Daha müasir metod isə Maqnit-Rezonans Tomoqrafiyasıdır (MRT). Bu üsullar ağrısız və ziyansızdır.


• DÇSH-in əsas göstəriciləri:
Diqqətsizlik (aşağıda sadalanan əlamətlərdən ən azı 6-sı uşaqda daim özünü büruzə verirsə):

• Diqqətini cəmləyə bilməməsi üzündən tapşırığı səhvsiz yerinə yetirə bilməmək;
• Söz deyəndə qulaq asmağı bacarmamaq;
• Görülən işi axıra çatdırmamaq;
• Səbr, hövsələ tələb edən işləri görə bilməmək;
• Lazımi ləvazimtları (kitab, dəftər, qələm və s.) tez-tez itirmək;
• Gündəlik həyatda unutqanlıq;
• Verilmiş tapşırıqlardan yan qaçmaq, fikri yayınmaq;

Hiperaktivlik və impulsivlik (aşağıda sadalananlardan minimum 4 əlamət 6 ay müddətində daima özünü göstərirsə):

1. Hiperaktiv uşaq:
• çox hərəkətlidir, yerində dinc otura bilmir;
• danışdıqda sözləri və ya şəkilçiləri buraxır;
• dərsdə icazəsiz yerindən durur;
• yeri gəldi-gəlmədi mənasız yerə qaçır, dırmaşır, tullanır;
• sakit oyunları oynaya bilmir, dincəlmir;
• rahat yata bilmir, gecələr tez-tez oyanır;
• aqressivdir, ünsiyyətcil deyil;
• yeni mühitə gec öyrəşir, digər uşaqlarla ünsiyyətə girməkdə çətinlik çəkir.

2. İmpulsiv uşaq:
• sualı tam dinləməmiş cavab verir;
• öz növbəsini gözləyə bilmir;


• VALIDEYNLƏRƏ TÖVSİYƏLƏR
Valideynlər çətin olsa da həkimlərin verdikləri tövsiyələrə riayət etməlidirlər.
• əgər uşağa hiperaktivlik diaqnozu qoyulubsa, onu danlamaq və öz hirsini ondan çıxmaq olmaz, belə uşağı ancaq tənqid etmək olar, məsələn, “sən yaxşı balasan, amma indi düz hərəkət etmirsən, belə etmək lazımdır..” ;
• uşaqda yeni aqressiya əlamətləri yaranmasın deyə, onun gözü qarşısında mübahisə etmək, bir-birinə qışqırmaq olmaz;
• televiziyaya və kompyuter oyunlarına sərf etdiyi vaxtı məhdudlaşdırmaq lazımdır;
• fiziki cəza (vurmaq) qətiyyən yolverilməzdir;
• valideyn daima uşağa öz sevgisini, əzizləməsini, ona qarşı olan isti münasibətini hiss etdirməlidir;
• uşaq eyni sualı bir-neçə dəfə versə də onun bütün suallarına səbrlə və gülümsəyərək cavab verilməlidir;
• uşaqla təfəkkürü, yaddaşı və təxəyüllü inkişaf etdirən oyunlar oynamaq lazımdır;
• təmiz hava altında dayaq-hərəkət sistemini inkişaf etdirən fiziki hərəkətlər etmək lazımdır

Həkimlərin hiperaktiv uşaqların valideynlərinə etdiyi bütün tövsiyələr bunlarla bitmir, amma qeyd etdiklərimiz ən əsaslarıdır.

Valideynlər unutmamalıdırlar ki, hiperaktivlik müalicə olunsa da uşaq üçün ən yaxşı müalicə valideynin qayğısı, diqqəti və sevgisidir.




Valideynlər üçün