Paylaş

Birinci sinif şagirdləri valideynlərinin etdikləri tipik səhvlər




Valideynlər uşaqlarını birinci sinfə qoyanda onlardan daha çox həyəcan keçirirlər. Həyəcanlanmağa həqiqətən də səbəb var - görəsən uşaq sinfə uyğunlaşa, yeni informasiyanı məminmsəyə biləcəkmi və s. Bu həyəcan valideynlərin uşaqları həddən artıq “qayğı” göstərməsinə səbəb olur: uşağın bir dəqiqəsi boş getməsin deyə ona dayə və ya repetitor tuturlar, saysız dərnəklərə yazdırırlar. Amma yadda saxlamaq lazımdır ki, birinci sinif-dərs üçün yox, uşağı oxumağa qarşı həvəs yaratmaq üçündür. Psixoloq Katerina Dyomina uşaqları birinci sinfə gedən valideynlərin nəyi etməmələri olduqlarına aydınlıq gətirir.

Bəzi valideynlər dayanmadan deyirlər: “Bizim uşaq məktəbə gedir”, “müəllimimi əladır və ya zəifdir”, “dərsdə o qədər çalışma verirlər!”. Aydındır ki, dəyişikliklər, bir vəziyyətdən digərinə keçid həmişə narahatçılıqlar törədir. Məktəbə getmək isə böyüməyə və müstəqil həyata addımlamağa gedən pilləkənin ilk pilləsidir. Hamı həyəcanlanır- həm məktəbli, həm də valideyn.

Hər bir valideynin fikirləşdiyi səhv düşüncə.

Uşaq məktəbdə bizsiz nə edəcək? Görəsən onu incitməyəcəklər, orda özünə dost tapa biləcək, yoxsa ömrü boyu sakitcə küncdə oturub qalacaq? Birdən orda sözə qulaq asmasa, birdən aşağı qiymətlərlə oxusa? və s. Bizim əksər qorxularımız özümüzün uşaqlıq təcrübəmizdən qaynaqlanır. Əgər məktəb haqda xatirələrimiz müsbətdirsə, onda sadaladağımız problemlər bizi narahat etməyəcək və rahatlıqla uşağı məktəbə qoyub işimizə gedəcəyik. Amma əgər müsbət deyilsə?

Ona görə də, ilk öncə siz özünüzün məktəbə qarşı olan münasibətinizi aydınlaşdırmalısınız. Məktəblə bağlı xatirələriniz nədən ibarətdir? Sizin narahatçılığınız reallıqla üst-üstə düşürmü? Bəlkə siz sadəcə öz emosiyalarınızı uşağa ötürürsünüz?



Uşağı bütün mümkün olan dərnəklərə qoymaq lazım deyil.



Ana fəxrlə deyir: “Sona elə ağıllı qızdır, onu həvəslə rəqsə götürdülər, rəssamlıq studiyasına da qəbul etdilər, məktəbi də xarici dil təmayüllüdür. Gərək evdə birimiz işimizi-gücümüzü atıb, onu dərnəklərə aparaq, amma istənilən halda uşağın mütləq hərtərəfli inkişafına şəratit yaratmalıyıq”. Sonanın da fikri bu zaman əlindəki telefondadır, heç deyilənlərə reaksiya da vermir.

Məktəbdə çoxlu əlavə məşğələlərin olduğunu görən bəzi iddialı valıideynlər istəyirlər ki, uşaq bunların hamısına birdən getsin. Sanki “yaradıcı” əyləncələrin sayının çox olması onların uşaqlarından məşhur rəqqas, şahmatçı və ya rəssam edəcək. Hərdən uşağın özü də bunlara canla-başla həvəs göstərir, həftə boyu aktiv həyat yaşayır, həftə sonlarını da aktiv keçirmək arzusu ilə səbirsizlənir.

Əslində isə normal sağlamlığı olan 6-7 yaşlı adi uşaq rəssamlıq, şahmat, xarici dil və digər bu qəbildən olan yalnız bir əlavə məşğələyə tab gətirə bilər.

Bir də əlavə çox da qəliz olmayan idman dərnəyi seçmək olar, amma bir şərtlə ki, bütün bu dərnəklərin hamısı məktəbdə, bir yerdən çıxıb, başqa yerə tələsmək lazım olmasın yerləşsin.

Birinci sinif şagirdini məktəbdən və dərsdən bezdirməmək üçün aşağıdakı 4 qaydanı daim yadda saxlamaq lazımdır:


1. Əgər uşaq ciddi olaraq idmanla məşğul olursa (həftədə 4-5 dəfə), ancaq “oturaq” məşğələlərin sayı həftədə 2 saatdan çoxdursa, siz öz uşağınızın fiziki imkanlarını tez bitirmək riski ilə üz-üzə qalacaqsınız.

Onsuz da onun işi ağırdır: yeni kollektiv, yeni qaydalar, yeni informasiya mənbəyləri. Bu zaman uşağın ən çox ehtiyacı olduğu şey dərsdən sonra yaxşıca dincəlmək və küçədə ora-bura qaçmaqdır.

2. Dərsdən sonra uşağı dərhal dərslərini öyrənməyə oturtmaq lazım deyil.

Bu zaman uşaq dərsə qarşı marağını tez itirir. Məhz elə buna görə ibtidai sinif şagirdlərə adətən ev tapşırığı vermirlər. uşaq tərəfindən məktəbdə verilmiş yeni informasiyanın yaxşı mənimsənməsi üçün o bir müddət sanki “toxunulmamış” qalmalıdır, “soyumalıdır”. Ona görə də dərsdən sonra uşaq gəzməli, oynamalı, nağıllara qulaq asmalı, dostlarla, valideynlərlə ünsiyyətdə olmalıdır. Stolüstü oyunlar oynamaq olar, saymağı konfetlərlə və ya pilləkənləri saymaqla öyrənmək olar, oxumağı və düz yazmağı öyrənmək üçün reklam löhvələrindən, kafedəki menyulardan istifadə etmək olar. Təlim prosesini uşaq üçün maraqlı və şən etmək üçün əlimizdən gələni etmək lazımdır.

3. Proqramı keçərkən qabağa qaçmaq lazım deyil.

Bilirsiniz, bir var ki, yaxşı oxumağı və yazmağı bacaran uşaq özü kitabları vərəqləyib əlavə dərslər oxuyur, bir də var ki, siz özünüz yeni dərs ona rahat gəlsin deyə həmən dərsi uşağa evdə öyrənməyə məcbur edirsiz. Bu bir az mübahisəli məsələdir. Kiməsə bu həqiqətən kömək edir, amma kiməsə tamam əks təsir göstərir. Çünki ola bilər ki, müəllim o dərsi başqa cür başa salsın. İndiki məktəb proqramları, bizim dövrümüzdəkindən çox fərqlənir, hərdən valideynlər özləri ikinci sinfin proqramından belə baş aça bilmirlər.

4. Repetitor tutmaq lazım deyil!

Əgər valideyn yığıncağında sizin beyninizə həkk etməyə çalışırlar ki, uşağa mütləq repetitor tutmaq lazımdır, əks halda uşağınız dərs proqramını çətin mənimsəyəcək – onda məktəbi dəyişin. Çünki burda iki variant var: ya bu məktəb həqiqətən sizin yorğanınıza görə deyil (lisey, təmayül və s. olduğuna görə), ya da ki, sadəcə, əksər hallarda həmin müəllim öz maddi marağına görə sizi bu işə təhrik edir. Belə bir müəllim nə qədər savadlı olsa da belə, bu məktəbi tərk etmək lazımdır. Çünki normal, sağlam uşaq birinci sinif proqramını kənar şəxslərin köməyi olmadan da dərk edə bilər.

Bir sözlə, erkən məktəbli dövrlərində uşağı həddən artıq “yükləmək” olmaz! Bəzən valideynlər fəxrlə deyirlər: “bizim məktəbimiz çox gözəldir, liseydir və ya ingilis dilli məktəbdir, ora düşmək üçün 1 il əvvəl növbəyə durursan, yüz yerdən tapşırtdırırsan. Güc-bəla ilə uşağımızı ora yazdırdıq. Məktəbin ən böyük “üstünlüklərindən” biri birinci dərs ilində I və II sinfin proqramını birdən keçirlər”. Hə nə olsun? Nəticə: həzm sisteminin korlanması, qorxu, stress, enurez xəstəliyi (uşaqların gecələr yerini islatması), sinir sisteminin yorulmasının və stressin bütün əlamətləri. Sizcə bütün bunlar ona dəyərdimi?

Yaddan çlxarmayın ki, uşağın məktəbdə ilk ilinin fəaliyyəti - yeni yaşam şəraitinə uyğunlaşmaq, dostlar tapmaq, müəllimə öyrəşməkdir. Onsuz da o hərfləri də, yazmağı da öyrənəcək, saymağı isə artıq çoxdan bilir. Nə isə bu qədər.


Valideynlər üçün digər mövzular

Uşaqlar üçün hazırlıq testləri