Paylaş

Hiperaktiv uşaq məktəbdə



Birinci sinfə ən müxtəlif uşaqlar gəlirlər: hazırlıqlı uşaqlar və o qədər də hazırlığı olmayanlar, sakit uşaqlar və dəcəllər və ya həddindən artıq dəcəl olanlar. Sonda qeyd olunan tipdən olan uşaqlar valideyn və müəllimlər üçün daha çox problem və çətinlik yaradırlar. Belə uşaqlar hiperaktiv uşaqlar adlanırlar.

Ədalət naminə qeyd etməliyik ki, çox vaxt adi uşaqlara da hiperaktivlik “damğası” vurulur, çünki qaçmaq, tullanmaq, qışqırmaq, nə isə tələb etmək, bəzən sözə qulaq asmamaq və s. normal uşaqlara da xas olan xüsusiyyətlərdir. Təbii ki, valideynlərin bir çoxu övladının sakit, sözə baxan, böyüklər kimi ciddi olmasını, dəcəllik etməməsini, dərslərini müstəqil yerinə yetirməsini arzu edirlər. Valdeynlər bu təsəvvürlərindən azacıq da olsa fərqlilikləri uşaqd amüşahidə etdikdə onu normadan kənaraçıxma kimi qəbul edirlər.


Uşaq hiperaktivliyi özünü nədə biruzə verir?

Hiperaktiv uşaqlar həddindən çox hərəkətli, aktiv olurlar, yüksək səslə danışırlar, kiçik bir qıcığa çox tez reaksiya verirlər.

Hiperaktivlik - oyanıqlıq prosesinin tormozlanma üzərində üstünlüyüdür. Normalda bu iki, bir-birinə əks olan proses eyni müddət davam edir (bəzən isə birinin digərindən müəyyən qədər az və ya çox olması da norma daxilində sayılır). Hiperaktiv uşaqlarda oyanıqlıq çox tez - demək olar ki, dərhal yaranır, amma tormozlanma prosesi uzun bir vaxt tələb edir.

Nümunə olaraq bir situasiyaya baxaq. Sinifdə yoxlama yazı işi aparılır. Uşaqlar çalışma üzərində işləyirlər, birdən pəncərənin yanından böyük qırmızı şar uçub keçir. Uşaqlar özünü necə aparacaqlar?

• Uşaqların böyük əksəriyyəti (2/3-si) başını çevirib şara baxacaq, öz aralarında bir-iki cümlə ilə kifayətlənəcəklər. Şar gözdən itəndə, onlar yenə öz işləri ilə məşğul olacaqlar.

• Bəziləri isə heç şara fikir verməyəcəklər və ya ötəri olaraq baxıb yenə öz işlərinə davam edəcəklər.

• Amma bu uşaqların arasında eləsi də olacaq ki, şarı görən kimi yerindən sıçrayıb pəncərəyə qaçacaq və şar gözdən itənədək onun müşahidə edəcəkdir. Belə uşaq yarımçıq qalan çalışmanın davam etdirməyə də çox çətin qayıdacaqdır.


Birinci göstərdiyimiz variantda oyanma prosesi təxminən tormozlanmaya bərabərdir. İkinci halda tormozlanma oyanma uzərində üstünlük təşkil edir, çünki bu uşaqların diqqəti işlədikləri çalışma üzərində olur. Üçüncü hal- hiperaktiv uşağın klassik nümunəsidir.

Uşaq hiperaktivliyinin təzahürləri


Həmyaşıdları arasında hiperaktiv uşağı müəyyən etmək çətin deyil. Ancaq bir sıra validenlər pis tərbiyə etdikləri uşaqlarına da “hiperaktiv” adı verərək, bu yolla onların xoşagəlməz hərəkətlərini ört-basdır etməyə çalışırlar. Ona görə də hiperaktivliyin bir neçə tipik göstəricilərini dəqiq müəyyən etmək lazımdır:

1. Bütün növ fəaliyyətlərdən, hətta ən maraqlısından belə asanlıqla yayınması. Belə uşaqlar bir məşğuliyyəti başa vurmadan, digərinə keçirlər.

2. Tez həyəcanlanması, bütün aktiv işlərə anındaca qoşulması.

3. Çox sürətli və yüksək tonla danışması.

4. Yazıda buraxdığı xarakterik səhvlər:

- duğu işarələrini qoymurlar;
- sözləri sonadək yazmırlar;
- hecaları səhv salır, “baraban” əvəzinə “balaban” və s.
- mətndə etdiyi düzəlişlərin onun keyfiyyətinə təsir etmir.

5. Lazımsız hərəkətlər çox edirlər.

6. Həmişə nəsə itirirlər və ya yerə salırlar.

7. Danışıqları aydın olmur, qırıla-qırıla, çətin danışırlar, rabitəli, monoloji nitq onlar üçün çətinlik yaradır.

8. Uşaq daima səliqəsiz görünür və gün ərzində öz xarici görünüşünə fikir verə bilmir.

9. Uşağın stolunun üstü, otağında, şkafında, çantasında daima səliqəsizlik hökm sürür.

Sadalananlar hiperaktiv uşağa xas olan əlavə xarakerik xüsusiyyətləridir. Hiperaktivliyin əsas göstəricisi- fizioloji olaraq hərəkətliyə yüksək meyillikdir. Belə uşaq sadəcə hərəkətsiz dayana bilmir. Öz hərəki reaksiyalarına nəzarət etməklə yanaşı hərəkət təlabatını boğmaq məcburiyyətində qalması uşaqda çox güclü əsəb gərginliyi yaradır.
Hiperaktivliyi həkim-nevropatoloqlar xüsusi test metodikaları ilə müəyyən edə bilərlər. Reallıqda isə bu problemlə bağlı həkimə müraciət edənlərə çox az rast gəlinir və uşaq müstəqil surətdə ətraf mühitin şərtlərinə uyğunlaşmağa çalışır ki, bu da çox vaxt uğurlu alınmır.

Hiperaktiv uşaqlarla münasibətdə böyüklərin səhvi.


Səhv 1. Uşağın hədsiz aktivliyinə görə cəzalandırmaq.

Bu ən geniş yayılmış haldır. Tez-tez böyüklərin belə göstərişlərini eşitmək olar: “fırlanma”, “düz otur, tərpənmə”, “qaşınma” və s. Uşaqlara bu sözlər çox vaxt təsir etmir, sadəcə uşağın bir hərəkətdən digərinə keçməsinə səbəb olur. Susuzlamış uşağı su içmək istədiyinə görə cəzalandırmaq olarmı? Bu suala cavabınız sizin hiperaktiv uşağa qarşı münasibətinizə uyğundur.


Səhv 2. Uşağı hərəki aktivlikdən məhrum etmək.

Belə bir yanlış fikir mövcuddur ki, hiperaktiv uşağı həddindən artıq həyəcanlandırmaq olmaz. Bu səbəbdən valideynlər uşağı maşınla məktəbə gətirirlər, müəllimlər isə tənəffüs vaxtı onları aktivlikdən məhrum etməyə çalışırlar. Bu münasibət kökündən səhvdir. Hipetaktiv uşaq hərəkətə olan ehtiyacını mütləq ödəməlidir.

Səhv 3. Uşaqlara daim hərəkətdə olması üçün şərait yaratmaq.

Bu isə böyüklərin hiperaktiv uşaqlara tam hərəkət sərbəstliyi vermələrinin əks reaksiyasıdır. Uşağı öz hiperaktivliyi ilə yaşamağı, onu daima nəzarətdə saxlamağı öyrətmək lazımdır. Bunun məqsədlə uşağın müstəqil olaraq öz hərəkətlərinə nəzarət etmək üçün ayrılan vaxtı tədricən artırmaq lazımdır.

Hiperaktiv uşağa necə kömək etmək olar?

Hiperaktiv uşaq əhatəsində olanlara çox narahatçılıqlar törədir. Amma onun özünə də asan deyil. O səhv etdiyini, narahatçılıq törətdiyini, hamının ondan narazı qaldığını çox yaxşı başa düşür. Hiperaktiv uşağa kömək etmək lazımdır.

İlk öncə uşaq üçün enerjisini sərf etməyə şərait yaradın. Rəqs və ya idman dərnəyində məşğələlər belə uşaqlara böyük hərəkətlilik təmin edə bilər.

İkincisi, gündəlik enerji sərfiyyatını da planlaşdırın: səhər idmanı, evdən məktəbədək piyadagəzinti, tənəffüs zamanı bir qədər hərəkətlilik tələb edən oyunlar, dərs vaxtı hərəkət: nəyisə paylamaqda və ya quraşdırmaqda müəllimə kömək etmək və s.

Üçüncüsü, uşağın gün rejimində məktəb məşğələləri və evdə çalışmaları arasında mütləq hərəki fəaliyyət nəzərdə tutun.

Dördüncüsü, uşağın qidalanmasına fikir verin. Uşağın rasionuna həzm üçün enerji tələb edən məhsullar (fındıq, ət və s.) əlavə edin.

Beşinci, uşaqla diqqətin cəmlənməsinin inkişafına yönəlik çalışmalar yerinə yetirin və hər dəfə belə çalışmaların çətinlik dərəcəsini artırın.

Altıncı, uşağı işini sona çatdırmağı öyrədin (çalışmanı həll etmək, şəkli sonadək çəkmək).

Yeddinci, uşağı öz xarıcı görkəminə fikir verməyi və ətrafında səliqə-səhman yaratmağı öyrədin.

Yadda saxlayın ki, hiperaktivlik hökm deyil, amma eyni zamanda bu, həll edilməli olan uşaq problemidir. Uşaq öz hərəkətlərini idarə etməyi öyrənməlidir. Bunun üçün isə ona böyüklərin köməyi lazımdır. Düzgün planlaşdırılmış və qurulmuş məktəbli həyatı, həmçinin böyüklər tərəfindən ona verilən dəstək tədricən müsbət nəticələrə gətirib çıxaracaq: o, hiperaktiv məktəblidən aktiv, enerjili bir şəxsiyyətə çevriləcək.


Valideynlər üçün digər mövzular

Uşaqlar üçün hazırlıq testləri