Uşaqlar üçün əyləncəli səhər idmanı


Erkən yaşlardan etibarən uşaqları səhər idmanına öyrətmək lazımdır. Fiziki hərəkətlər dayaq-hərəkət sisteminin düzgün inkişaf etməsinə, uşaqlarda tez-tez rast gəlinən skoliozun qarşısının alınmasına kömək edir, xəstəliklərə qarşı orqanizmin davamiyyətini artırır. Ən əsası 3-5 yaş dövründə edilən idman uşağın bütün həyatı boyu möhkəm imunitetinin bünövrəsini qoyur. Buna görə də uşaqlarda səhər idmanı etmək vərdişini yaratmaq lazımdır.

1-3 yaşlı uşaqlar üçün əyləncəli hərəkətlər


Balaca uşaqlarla sistemli şəkildə idman hərəkətləri etmək mümkün deyil, onlar diqqətlərini nəyinsə üzəridə uzun müddət cəmləyə bilmirlər. Ona görə də onları əyləncəli oyun şəklində idmana cəlb etmək lazımdır və bu hərəkətlərin müddəti 5-10 dəqiqədən artıq olmamalıdır. Əlbəttə ki, ana və ya ata uşaqla bir bu hərəkətləri etməlidirlər. Başlanğıc üçün bir-iki hərəkəti öyrətmək lazımdır. Sonra digər hərəkətləri də bura əlavə etmək olar. Unutmayın ki idman oyun şəklində, əyləncəli olmalıdır.

  1. Günəşi tutaq. Uşaqa deyirsiniz ki, onun başının üstündə qəşəng bir günəş parlayır və o, istəsə indicə onu tuta bilər, bunun üçün sadəcə əlini yuxarı uzatmaq lazımdır. Günəş kimi, narıncı şardan da istifadə edə bilərsiniz. Balaca, günəşi tutmaq üçün ayaq barmaqları üstündə qalxıb əlini yuxarı qaldıracaq. Hərəkətin sonunda elə etmək olar ki, uşaq “günəşi” tutsun.
  2. Oturub-durma. Bu hərəkəti uşaqlara etdirmək üçün oyuncaqları otağa səpələyərək uşağa demək olar ki, oyuncaqları bir-bir götürüb qutuya yığısın. Onda balaca istər-istəməz hər oyuncağı götürüb-qoyanda oturub-durmalı olacaq.
  3. Körpücük. Uşaqlar böyüklər kimi körpü hərəkəti edə bilmirlər. Ona görə də bu hərəkətdə sadəcə olaraq əl-ayaqlarını yerə qoyub bellərini yuxarı qaldıracaqlar (böyüklərdə yuxarı tərəfə qarın nahiyəsi çevrilmiş olur). Məsələn siz sehirbaz olub onu körpüyə çevirə bilərsiniz.
  4. Qatar. Uşağı “qatara” çevirirsiniz və o da iməkləyə-iməkləyə ona ayrılmış marşurut üzrə hərəkət edir. Hərəkəti “çux-çux” səsi ilə müşaiyət edə bilərsiz.
  5. Təyyarə. Uşaqla bir yerdə əllərinizi tam olaraq yana qaldırıb otağın ətrafında təyyarə kimi uçursunuz.

Balacalar heyvanları çox sevirlər. Onları müxtəlif növ heyvanlara, quşlara, həşəratlara "çevirib" idman oyununu davam etdirə bilərsiniz.

Fantaziyanızı işə salıb uşaqlar üçün çoxlu sayda belə maraqlı idman hərəkətləri: çiçəkləri iyləmək, ağcaqanadları tutmaq, kəpənəyə oxşamaq və s.fikirləşmək olar. Belə şən, əyləncəli hərəkətlər uşaqları nəinki fiziki cəhətdən, eyni zamanda onların fantazıyasını və yaradıcılıq qabiliyyətini də inkişaf edəcəkdir.






Uğurlar!