Əmək və icra intizamının təmin edilməsi, onun pozulmasına görə intizam məsuliyyəti və tətbiqi qaydaları
IX hissə
150. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinin hansı növləri var?
Cavab:
Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:
a) töhmət vermək;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
152. İşçiyə intizam tənbehi vermək səlahiyyətli şəxs kim ola bilər?
Cavab:
Maddə 188. İntizam tənbehi vermək səlahiyyəti olan vəzifəli şəxs
1. İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər.
154. İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar olunduğu gündən nə qədər vaxt keçənədək (xəstə olduğu, məzuniyyətdə və ezamiyyədə olduğu vaxt nəzərə alınmadan) verilə bilər?
Cavab:
Maddə 187. İntizam tənbehinin verilməsi qaydaları
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.
155. İntizam xətasının törədildiyi gündən nə qədər vaxt keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz?
Cavab:
Maddə 187. İntizam tənbehinin verilməsi qaydaları
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
156. İntizam tənbehinin verilməsi şərtləri hansılardır?
Cavab: Maddə 189. İntizam tənbehinin verilməsi şərtləri
1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.
3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.
4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir.
157. Müəssisə daxilində fərdi əmək mübahisələrinə kim tərəfindən baxılır?
Cavab:
Maddə 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.
158. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, hara müraciət etməlidir?
Cavab: Maddə 190. İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi
1. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.
2. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.
3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.
159. İşçiyə verilmiş intizam tənbehi hansı halda qüvvədən düşmüş hesab edilir?
Cavab: Maddə 190. İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi
4. İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi bu Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.