Uşaqları vaxtından əvvəl I sinfə qəbul olunmağa necə hazırlamalı?


Əziz valideynlər!
Məlum olduğu kimi, 2013-cü ildə Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” təsdiq olunmuşdur. Bu Qaydalar zehni və psixoloji inkişafı ilə fərqlənən minlərlə uşağın vaxtından əvvəl I sinfə getməsinə imkan yaratmışdır.


Vaxtından əvvəl I sinfə qəbulla bağlı yeni qaydaların artıq üçüncü ildir ki, tətbiq olunmasına baxmayaraq, hələ də bu səhədə valideynlərin az məlumatlı olması diqqət çəkir. Müşahidələr göstərir ki, qaydaların aid olduğu uşaqların valideynlərinin böyük əksəriyyəti ya ümumiyyətlə övladlarının komissiya vasitəsilə müsahibəyə cəlb olunmasını bilmirlər, ya da bu müsahibə zamanı uşağın hansı istiqamətlərdə bilik və bacarığının yoxlanılacağından məlumatları yoxdur.

Bəzən isə valideynlər uşağa ya özləri məşğul olmaqla, ya da müxtəlif hazırlıq kurslarına cəlb etməklə yazmaq və oxumaq, toplama və çıxma öyrədirlər və bunu vaxtından əvvəl birinci sinfə qəbul üçün kifayət olduğunu düşünürlər. Nəzərə almaq lazımdır ki, yazmaq və oxumaq kimi vərdişlər məktəbdə öyrədilir.

Bir sıra valideynlərə isə uşaqlarına dövlət rəmzlərini, bir neçə şeir əzbərlədərək, məhz bunları vaxtından əvvəl I sinfə qəbul üçün əsas hesab edirlər.

O da müşahidə edilir ki, bir çox valideynlər nəyin bahasına olursa olsun 6 yaşı tamam olmayan övladının vaxtından əvvəl məktəbə qəbul olunmasına cəhd göstərir və bu zaman bəzi “arqumentlər” də səsləndirirlər. Bunların sırasında ən çox yayılanı oğlan uşaqlarının “qarşıdakı hərbi xidməti məsələsi” və 12 illik təhsilə keçidlə bağlı “uşağın gecikməsi” arqumentləridir.

Görünən odur ki, uşağın məktəbə daha hazırlıqlı getməsi, onun təhsilə kifayət qədər uğurla başlaya bilməsi və bunun üçün lazımi hazırlığa malik olması bir qism valideyni az düşündürür. Amma uşağın məktəbdə özündən böyük uşaqlarla nə dərəcədə “ayaqlaşa” bilməsi, proqram materialını qavramağa zehni cəhətdən tam hazırlıqlı olması, psixoloji və emosinal cəhətdən yetkinliyi valideyn üçün övladını vaxtından əvvəl I sinfə göndərməyə ən başlıca arqumentlər olmalıdır.

Deyilənlərdən belə hiss edilir ki, bu sahədə müəyyən maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac vardır.

1. Mühakimə, müqayisə, ümumiləşdirmə bacarıqlarının nümayiş etdirilməsi. 2. Nitqin aydınlığı və rabitəliliyi, fikrin sərbəst və düzgün ifadə edilməsi. Təqdim olunmuş mövzuda sadə şifahi mətnin qurulması. Yaşa görə söz ehtiyatının zənginliyi.

3. Dinlənilən mətndən müvafiq nəticə çıxarılması, mətndə ifadə olunan fikrə münasibət bildirilməsi.

2.4. Müxtəlif yolla sadə hesablama vərdişlərinin nümayiş etdirilməsi.

5. Müşahidə etdiyi hadisələrə münasibət bildirilməsi.

6. Müxtəlif sahələr üzrə yaşa uyğun məlumatlılıq səviyyəsini ehtiva edən bilik və bacarıqların nümayiş etdirilməsi.


Sadalananlardan ən başlıcası uşağın nitq qabiliyyətinin inkişafıdır. Əgər uşağın sərbəst, rabitəli nitqi olmazsa, onun digər vərdişlərini də nümayiş etdirə bilməyəcəyi şübhəsizdir. Bunun üçün uşağın nitqinin inkişafına diqqət yetirmək, onunla daim müxtəlif mövzularda söhbət etmək, ona hekayə və ya nağıl oxumaq, oxunan mətni təkrar ona danışdırmaq, öz fikrini bildirməyə həvəsləndirmək lazımdır.

Uşaqların müsahibə vaxtı əsas çətinlik çəkdikləri məsələ məntiqi tapşırıqların yerinə yetirilməsi ilə bağlıdır. Burada məntiqi məsələ dedikdə qaydalarda qeyd olunan, müqayisə, ümumiləşdirmə bacarıqlarının nümayiş etdirilməsindən söhbət gedir. Müsahibəyə gələn uşaqların çoxu eyni bir əlamətə malik olan əşyaları ümumiləşdirmək, həmin əşyaların arasında onlardan müəyyən bir əlamətinə görə fərqlənən digər əşyanı seçmək kimi sadə məntiqi tapşırıqları yerinə yetirə bilmirlər. Bunun üçün uyğun tapşırıqları əvvəlcə uşaqla birlikdə yerinə yetirmək, ona əşyaları ümumiləşdirmək, müqayisə etməyin yollarını öyrətmək lazımdır. Saytımızda çoxsaylı məntiqi, öyrədici testlər mövcuddur. Mütəmadi olaraq belə testlərin yerinə yetirilməsi övladınızın bu sahədə hazırlığını təmin edəcəkdir.

Ən əhəmiyyətli məsələlərdən biri də uşağın yaşına görə dünyagörüşünün və söz ehtiyatının olmasıdır. Müsahibəyə gətirilən uşaqların bir çoxunun təbiət hadisələri, ətraf mühit, heyvanlar aləmi və s. heç bir anlayışı olmur. Məktəbəqədər yaşlı uşaqlar müxtəlif bilikləri mənimsəməyə çox həvəsli olurlar. Yetər ki, valideyn gün ərzində bir neçə dəqiqə vaxt sərf edərək övladına müəyyən anlayışları öyrətsin, ona təbiət, ətraf aləm, cəmiyyət və s. haqqında müəyyən bilgilər versin və bu işi müntəzəm olaraq davam etdirsin. Əgər uşağa hansı biliklərin mənimsədilməsini, hansı mövzuda söhbət aparmağı müəyyən etməyə çətinlik çəkirsinizsə bu sahədə müavfiq kitablardan istifadə edə, saytımızın “Dünyagörüşü” bölməsindən yararlana bilərsiniz.

Digər vacib məqam isə uşağın müsahibəyə psixoloji və emosional hazırlığıdır. Bir çox hallarda müsahibəyə gələn uşaqların sıxıntı keçirərək ağlaması, suallara cavab verməkdən imtina etməsinə rast gəlinir. Araşdırmalar göstərir ki, bəzi valideynlər uşaqları müsahibəyə gətirərkən onları həvəsləndirmək əvəzinə, “müsahibədən keçə bilməsən məktəbə getməyəcəksən!” və ya bu tipli başqa ifadələrlə daha da həyəcanlandırır və nəticədə uşaq müsahibə öncəsi ciddi stress keçirir. Buna görə uşağın müsahibəyə psixoloji cəhətdən hazırlamaq, onu motivasiya etmək, həvəsləndirmək çox əhəmiyyətlidir.

Ümumiyyətlə isə qaydalarda tələb edilən və yuxarıda sadalanan keyfiyyətlərə diqqət yetirsək belə qənaətə gəlmək olar ki, bu keyfiyyətlər nəinki xüsusi istedadlı uşaqlarda, eləcə də məktəbəqədər yaşlı uşaqların hər birində olmalıdır. Çünki istənilən məktəb yaşı çatmış uşağın yaşına görə söz ehtiyatı, dünyagörüşü, mühakimə yürütmək və s. qabiliyyətləri yetərli səviyyədə ollmalıdır. Yalnız bu halda uşaq məktəb təhsilinə uğurla başlaya bilər. Ona görə də övladınızın məktəbə vaxtından əvvəl gedib-getməməsindən, müsahibəyə cəlb olunub-olunmamasından asılı olmayaraq onun zehni, psixoloji və emosional inkişafını diqqətdə saxlamaq, kiçik yaşlardan uşağın erkən inkişafı ilə məşğul olmaq lazımdır. Bu yolda hamınıza uğurlar arzulayırıq!




Əsas səhifəyə